USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

“Azərbaycanda bir neçə il öncə qadınların sayı ölkə əhalisinin 51.7 faizini təşkil edirdisə, hazırda bu rəqəm 50.1 faizə qədər enib”.

Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, son illər Azərbaycanda qadınların sayı 10 minlərlə azalıb: “Cins nisbətinin pozulması hallarının qarşısının alınması üçün Milli Fəaliyyət Planı hazırlanıb. Əgər qız uşaqları abort vasitəsilə öldürülməsəydi, Azərbaycanda hər 100 qıza 105 oğlan düşəcəkdi. Ölkədə qız uşaqlarının abort yolu ilə öldürülməsi halları hələ də mövcuddur. Ona görə də hər 100 qıza 115 oğlan düşür. Bu da o deməkdir ki, ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur. Bununla da balans və tarazlıq pozulub. Ona görə də cins nisbətinin pozulması halları gələcəkdə böyük problemlərə gətirib çıxaracaq”.

Şöbə müdiri bu problemlə intensiv şəkildə mübarizə aparılmasının zəruri olduğunu vurğulayıb: “Selektiv aborta birdəfəlik qadağa qoyulsaydı cins nisbəti pozulmayacaqdı və ölkədə artım təbii şəkildə öz axarı ilə inkişaf edəcəkdi. Artımın ləngiməsi isə ana bətnində körpələrin qətlə yetirilməsindən irəli gəlir. Bu da gələcəkdə baş verəcək ciddi problemlərin həyəcan siqnalıdır. Ona görə də bu problemlə intensiv şəkildə mübarizə aparılmalıdır”.

Hard hat

Ötən gün Bakıda bir neçə işçi bədbəxt hadisələrin qurbanı olub.

“Azeri Today” “Oxu.az”-a istiandən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Yasamal rayonunda mayın 10-da təxminən 17:00 radələrində “Azəristiliktəchizat” ASC-nin Yeni Yasamal 2 yaşayış massivi ərazisində yerləşən qazanxanasının damından 60 yaşlı qaynaqçı Cəbiyev Ramiz Ağamalı oğlu yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb fəhləni qaldıran kranın lyuk hissəsini saxlayan trosun qırılması olub.

Nərimanov rayonu İslam Abışev küçəsində yerləşən “Rüzgar” kiçik biznes qarajında baş verən bədbəxt hadisə zamanı da işçi ölüb. Qusar rayon sakini, 48 yaşlı Novruzbəyov Gülbala Sədrəddin oğlu yük maşınının təkərində apardığı qaynaq işlər zamanı baş verən partlayış nəticəsində ölüb.

Suraxanı rayonunda Əmircan qəsəbə sakini, 47 yaşlı Əliyev Fazil Qardaşxan oğlu da ölüb. Kişi özəl sifariş üzrə təmir işləri aparan zaman evin damından yıxılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

AZƏRTAC xəbər verir ki, mərhum prezidentin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana yollanıblar.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

“Azeri Today” “Report”a istinadən xəbər verir ki, bu barədə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli məlumat verib.

O bildirib ki, hazırda vida mərasimi və dəfn üçün hazırlıqlar görülür.

“Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında Arif Məlikovla vida mərasimi keçiriləcək”, – deyə F.Bədəlbəyli əlavə edib.

Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub. O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə “İstiqlal”, 2013-cü ildə “Heydər Əliyev” ordeni, 2018-ci ildə isə “Şöhrət” orden ilə təltif olunub. O, 1965-ci ildə Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Bu gün 9 May – Qələbə günüdür.

Alman faşizmi üzərində qələbədən 74 il ötür.

Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub.

Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Bu il – 2019-cu il aprelin 23-də Prezident İlham Əliyev “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Sərəncam 9 300-dən çox şəxsə şamil olunub.

Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

Bakıda və Abşeron yarımadasında gecə saatlarından başlanan duman hazırda davam edir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 86-88 faiz təşkil edir.

Qeyd edək ki, hava şəraitini azqradiyentli nisbətən alçaq təzyiq sahəsi təyin edir və əsən cənub, cənub-şərq istiqamətli zəif külək dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edir.

Bu gün günorta saatlarında küləyin sürəti bir qədər artacaq və bu səbəbdən dumanın tədricən çəkiləcəyi gözlənilir, lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var.

Bildirilir ki, dumanlı hava şəraiti ilə əlaqədar öncədən müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb.

AFFA İntizam Komitəsi I divizionun “Zaqatala” – “Neftçi-2” matçında stadionda radio məlumat olmadığına görə bölgə klubunu cərimələyib.

“Azeri Today” “Oxu.Az”-s istinadən xəbər verir ki, Zaqatala klubuna 160 manat cərimə verilib.

“Sabah-2” – “Qarabağ-2” matçı isə qonaq komanda üzündən beş dəqiqə gec başladığına görə Ağdam klubu 240 manat cərimələnib.

“Turan Tovuz” – “Səbail-2” matçında meydan sahibi klub xərcə düşüb. Belə ki, oyunöncəsi iclasda polis iştirak etmədiyinə görə “Turan Tovuz” klubu 80 manat cərimə olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr dəyişiklikləri olub.

“Azeri Today”-ın bidirdiyinə görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət rəisi, general-leytenant Arzu Rəhimov prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar keçirdiyi müşavirədə bildirib.

Xidmət rəisi şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməsinin, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməsinin zəruriliyini vurğulayıb, həlli vacib məsələlərlə bağlı konkret qərarlar qəbul edildiyini bildirib:

“Xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhəri Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər”.

Arzu Rəhimov görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlar verib.

“Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, regional ekologiya və təbii sərvətlər idarələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olacaq.

Belə ki, Ətraf mühitin mühafizəsi departamentinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılıb.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilib və onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçiriləcək. Həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki Nazirliyin tabeliyinə verilib.

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilib və onun işçilərinin say həddi daxilində Nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılıb.

Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb.

Azərbaycanda Ramazan (Orucluq) ayı başlayıb.

Ramazan ayının 1-i Miladi tərvimlə mayın 6-na təsadüf edir.

Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

İnsanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən Qurani-Kərim məhz Ramazan ayının mübarək Qədr gecəsində nazil olub. Qadir Allah “Bəqərə” surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğunu bəyan edərək belə buyurub: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!

Qafqaz Müsəlmanları İdarəsi bu il də Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazanın başlanğıcı, bu ayın namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Qazılar Şurası və Elmi-Dini Şura bəyan edib ki, Azırbaycan dindarları başqa mənbələrdən əldə edilən, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməsinlər. Din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar.

“Ümid edirik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları da bu məsələdə öz köməyini əsirgəməyəcək, məhz QMİ tərəfindən tərtib edilən Ramazan təqviminin kütləvi informasiya vasitələrində, o cümlədən sosial mediada təbliğinə və yayılmasına nəzarət edəcəklər. Qazılar Şurası və Elmi-Dini Şura mübarək Ramazan ayı ərzində iftar vaxtından əvvəl ehsan adı ilə açılan süfrələrdə iştirak etməyin böyük günahlardan hesab olunduğunu diqqətə çatdıraraq bildirir ki, belə məclislərdə iştirak edən din xadimləri barəsində ciddi tədbirlər görüləcək” – fətvada deyə qeyd olunub.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Ramazan ayı iyunun 5-də başa çatacaq. Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 5, 6-sı Azərbaycanda Ramazan bayramı qeyd ediləcək və iki gün tətil olacaq.

Xəbərlər