USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev II Avropa Oyunlarında finala çıxıb.

“Azeri Today” xəbər verir ki, Hacı Əliyevin rəqibi Ukrayna təmsilçisi Hor Ohanesyan olub.

Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb. İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC-ın məlumatına əsasən, Müdafiə naziri Zakir Həsənov burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verdi.

Bildirildi ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey 11 hektar ərazini əhatə edir. Burada tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yerləşdirilib. Hərbi Liseydə sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.

Dövlətimizin başçısı Hərbi Liseydə təhsil alan kursantların yaşayış və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan dördmərtəbəli yataqxana korpusu ilə də tanış oldu. Yeni tikilən binada konfrans zalı, ideoloji, məişət və digər otaqlar zəruri avadanlıqla təchiz edilib. Yataqxanada kursantların qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Liseydə üçmərtəbəli yataqxana korpusu da əsaslı təmir olunub.

Sonra Prezident İlham Əliyev Hərbi Liseyin klubunda yaradılan şəraitlə tanış oldu. Liseydə aparılan yenidənqurma və təmir işləri çərçivəsində klubun binası da əsaslı təmir edilib. Klubun 350 yerlik binasında mədəni-maarif tədbirlərinin keçirilməsi üçün bütün şərait var. Burada, eyni zamanda, ölkəmizin və liseyin həyatında baş verən əlamətdar hadisələri qeyd etmək mümkündür.

Daha sonra dövlətimizin başçısı kursant yeməkxanasında yaradılan şəraitlə maraqlandı. İkimərtəbəli yeməkxana binası da əsaslı təmir olunub. Bütün avadanlıqla təchiz edilmiş binada eyni vaxtda 600 kursant nahar edə bilər. Burada yemək zalı, mətbəx və təsərrüfat otaqları, ərzaq və soyuducu anbarlar var.

Yenidənqurma işləri zamanı liseyin təntənəli mərasimlər, sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sahəsi üç min kvadratmetr olan sıra meydanı da salınıb və tribuna inşa edilib.

İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medal qazandırıb.

“Azeri Today” “AZƏRTAC”-a xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” Avropa Oyunlarının çempionu olub.

İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

İyunun 26-da Silahlı Qüvvələr Günü ilə əlaqədar Prezident İlham Əliyevin hədiyyəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə yeni mənzillər təqdim edilib. Həmin mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib.

AZƏRTAC xəbər verir ki, mənzillərin sənədlərinin təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Nazir müavini Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın güclü orduya malik bir ölkə olmasının hər birimizdə sonsuz qürur hissi doğurduğunu vurğulayıb.

Anar Kərimov bildirib ki, dövlətimizin başçısının siyasətinin ana xəttini ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. Bu il ərzində təqdim edilən iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artaraq 130 manatdan 250 manata, minimum pensiyanın isə 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinətlərin və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Dövlət sektorunda işləyənlərin də əmək haqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri də əhəmiyyətli şəkildə artırılıb. Həmçinin dövlət 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyaraq həmin problemin həlli ilə əlaqədar maliyyə yükünü öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub.

Nazir müavini qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda mübarizədə əlil olan şəxslərə dövlətimizin başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin kateqoriyalardan olan insanlara təqdim edilib. Bu il isə azı 800 mənzilin verilməsi nəzərdə tutulub və onlardan artıq 60 mənzil indi öz sahiblərinə təqdim edilir. Ümumilikdə indiyədək nazirlik tərəfindən həmin kateqoriyalardan olan insanlara 6714 mənzil verilib. Həmçinin ötən il 265 müharibə əlili minik avtomobili ilə təmin edildiyi halda, bu il həmin vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox, yəni, 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb. Artıq bu ilin ötən dövründə 150 avtomobil həmin təbəqədən olan insanlara təqdim edilib. Beləliklə, indiyədək 6300-dək müharibə əlili yeni avtomobilə sahib olub.

Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək həssas qrupların sosial təminatlarının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların, aparılan islahatların ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb, sosial təminatlarının gücləndirilməsindən, müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, bu gün isə yeni və rahat mənzillərlə təmin olunduqlarına görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

İctimai təşkilatların rəhbərləri sosial sahədə atılan inqilabi addımların əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm uğurlara nail olmağa imkan verdiyini qeyd ediblər. Vurğulanıb ki, atılan bu addımlar, eyni zamanda, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin yeni mənzillərlə təmin edilməsi işlərinin ildən-ilə güclənməsi dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.

Sonra yeni mənzillərə baxış olub. Mənzillərin 12-si üçotaqlı, 31-i ikiotaqlı, 11- birotaqlıdır. Onların hər birində müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Azeri Today” xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:

“Əziz həmvətənlər! Əziz hərbi qulluqçular və veteranlar!
Bu gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır. Bu gün biz həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin qəhrəmanlığına ehtiramımızı bildiririk.

Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Dövlətin hərbi qüdrəti bir çox amillərlə şərtlənir. Lakin bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir.

Əziz hərbçilərimiz! Biz sizin mərdliyiniz, şücaətiniz və ən yüksək peşəkarlığınızla fəxr edirik. Bu əlamətdar bayram münasibətilə sizi ürəkdən təbrik edirəm”.

Rusiyada həbsdən azad edilən jurnalist Fuad Abbasov artıq Bakıdadır.

“Azeri Today” bildirir ki, jurnalisti Heydər Əliyev Beynəlxalq Hava Limanında ailə üzvləri, yaxınları qarşılayıblar.

İyunun 25-26-da Bakıda və Abşeronda hava quru və isti olacaq, havanın temperaturu +36 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Həmin müddətdə aran rayonlarında hava daha isti olacaq. Belə hava şəraiti iyunun 29-dək davam edəcək.

Onun sözlərinə görə, son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb: “Bakıda 37, Abşeron yarımdasında 39,6, aran rayonlarında isə 40-42 dərəcə isti, bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirib.

Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev ölkə qarşısında duran vəzifələrin lazimi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd edib.

Prezident İlham Əliyev Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Ramil Usubov ona etimad göstərib Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifəyə təyin edilməsi ilə əlaqədar dövlət başçısına minnətdarlığını ifadə edib.

O bildirib ki, Daxili İşlər naziri vəzifəsində çalışdığı uzun illər ərzində rəhbərlik etdiyi nazirlik öz fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin, sonrakı dövrlərdə isə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını daim hiss edib.Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayıb. O, Təhlükəsizlik Şurasının katibi vəzifəsində ona göstərilən yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməcəyini bildirib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 25-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, ustad Şirməmməd Hüseynov vəfat edib.

Bu barədə BDU-dan məlumat verilib.

Xəbərlər