USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

“Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr bölgənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və bu sahədə investisiya layihələri üçün yaxşı imkanlar var”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının Türkmənistan paytaxtı Aşqabadda keçirilən dar tərkibli iclasında çıxışı zamanı bildirib.

“Lakin qeyd etmək lazımdır ki, Birlik məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır. Bu baxımdan bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkmək istərdim”, – deyə XİN başçısı vurğulayıb.

E.Məmmədyarov bildirib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır: “Eyni zamanda danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir.

Qeyd etmək lazımdır ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir.

Buna görə həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”.

“Azərbaycan və Gürcüstan güclü iqtisadi tərəfdaşdırlar”.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

O deyib ki, iki ölkənin enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığı beynəlxalq əhəmiyyət kəsb edir.

G.Qaxaria qeyd edib ki, Azərbayacana rəsmi səfəri çərçivəsində ticarət, nəqliyyat, qarşılıqlı investisiyalar və digər əhəmiyyətli sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub: “Əməkdaşlıq effektiv, məhsuldar olmalı və ölkələrimizin maraqlarına əsaslanmalıdır. Regionda baş verən hadisələr fonunda iki ölkə arasında effektiv əməkdaşlıq sülh, sabitlik və təhlükəsizliyin təmin olunması baxımından müstəsnə əhəmiyyət kəsb edir”.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən “təmir-bərpası” ilə bağlı bəyanat yayıb.

İcmanın bəyanatında bildirilir ki, işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan Şuşada Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır.

“Bu, işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir.

Məlum olduğu kimi, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər ağa məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib.

Məscidin “təmir”dən sonra “açılış”ı Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün planlaşdırdığı növbəti ucuz bir şoudur. Ermənistan bununla dünyada özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Ermənistan həqiqətən tarixi abidələrə bu qədər hörmətlə yanaşırsa, onların bərpasında maraqlıdırsa, onda nəyə görə xalqımıza məxsus yüzlərlə mədəni, tarixi dini abidələri məhv edir? Şuşada vaxtı ilə mövcud olmuş digər məscidlərin, kilsələrin və digər abidələrin izləri nəyə görə erməni vandalları tərəfindən yer üzündən silinməkdədir? Şuşanın əzəli yerli sakinləri olan azərbaycanlılar oradan qovulduqları halda Yuxarı Gövhər ağa məscidindən kimlər istifadə edəcək?

Bizi ağrıdan həm də odur ki, erməni qəsbkarları xalqımızın bu memarlıq incisinin arxitekturasını dəyişərək, məscidi “fars məscidi” kimi qələmə verməyə çalışırlar. Bu bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir. Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır, onu yenidən yazmağa çalışır. Bu həm də bir daha Ermənistanın saxta tolerant ölkə olduğunu göstərir.

Mətbuatda yer alan məlumata görə, Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa” işləri İranın “Part Saman Cahan” şirkəti tərəfindən aparılır. Bu biz məcburi köçkünləri məyus edir. Biz bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına və ümumən Azərbaycan xalqına qarşı sayğısızlıq kimi dəyərləndiririk.

Biz Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edirik ki, öz yurdumuza qayıtdıqdan sonra görəcəyimiz ən birinci iş məhz mədəni, tarixi və dini abidələrmizi bərpa etmək olacaq. Həmin günün uzaqda olmadığına əminik.

Münaqişənin yeganə həlli yolu Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılması, oradan qovulmuş azərbaycanlıların geri qayıtması, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının birlikdə sülh şəraitində yaşaması ilə mümkündür” – deyə bəyanatda vurğulanır.

“Sabah David Qareci (Keşikçi dağ) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq”.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

“Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, deyə hökumət başçısı vurğulayıb.

Baş nazir qeyd edib ki, Keşikçi dağ məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.

G.Qaxaria Gürcüstan vətəndaşlarını Keşikçi dağ məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: “Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.

Oktyabrın 9-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında təkbətək görüş olub.

“Azeri Today”-ın məlumatında görə, sonra Azərbaycanın Baş Naziri Əli Əsədovun adından Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın şərəfinə şam yeməyi verilib.

Türkiyə ordusu Suriyada antiterror əməliyyatı keçirəcəyi əraziyə daxil olub.

“Azeri Today” “Report”-a istiandən xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi yayıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Suriyanın şimalında “Barış pınarı” (“Sülh bulağı”) adlı antiterror əməliyyatının başlaması ilə bağlı məlumatı nə təsdiq, nə təkzib edib: “İşlərimizi davam etdirik. Hərbçilərin dislokasiyası, hazırlıqları davam edir”.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin”.

“Azeri Today” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı səsləndirib.

Dövlət başçısı deyib: “Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər – münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də qonağım olacaq”.

“Azeri Today” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Türkiyə ilə münasibətlərə dair yeni bəyanatla çıxış edən Ağ Ev sahibi vurğulayıb ki, ABŞ-ın Türkiyənin ən böyük ticarət tərəfdaşı olduğunu bir çox insan unudur: “Türkiyə faktiki olaraq bizim “F-35” qırıcılarımızın polad konstrukiyasını düzəldir. Onlar Suriyanın İdlib əyalətində çoxlu sayda insanın həyatı xilas edilərək geri qayıdıblar. Mənim xahişimlə rahib Branson uzunmüddətli həbsdən azad edilib. Eləcə də bunun da yadda saxlamaq vacibdir ki, Türkiyə NATO-nun çox yaxşı nüfuza malik üzvüdür”.

“Bundan öncə də dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycanın tarixi, maddi-mədəni irsinə, dini abidələrinə böyük zərər vurulmuş, çoxsaylı abidələrimiz dağıdılmış, talan edilmişdir və hazırda Ermənistan tərəfindən abidələrimizin mənşəyinin və təyinatının dəyişdirilməsi siyasəti həyata keçirilməkdədir”.

“Azeri Today”ın məlumatına əsasən, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Şuşadakı Yuxarı Gövhərağa məscidində təmir işlərinin yekunlaşacağı ilə bağlı Ermənistan KİV-də yayılan məlumatlara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində ölkəmizin tarixi və mədəni irsinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı konkret faktlara əsaslanan hesabatlar bu günədək UNESCO başda olmaqla, əsas beynəlxalq təşkilatlara, həmçinin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya təqdim edilib. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir: “Sonuncu belə bir qətnamə 2019-cu ildə İƏT Xarici İşlər nazirlərinin Abu-Dabi şəhərində keçirilən 46-cı iclası nəticəsində qəbul olunub. Azərbaycanın Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə 19-cu əsrdə tikilmiş Yuxarı Gövhərağa (Cümə) məscidinin Ermənistan tərəfindən “təmir olunması” bu işğalçı ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsidir. Belə ki, Gövhərağa məscidini “bərpa” edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətidir.

Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın bu gün Şuşada məscid “təmir” edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildir. Dini və dünyəvi dəyərlərə, hörmət edən tərəf özünün viran etdiyi dini yerləri sonradan bərpa edirmiş kimi tarixi saxtalaşdırmaqla məşğul olmaz”.

Azərbaycan Prezidenti İlham Əliyev yeni Baş Nazirin təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Azeri Today” xəbər verir ki, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbərlər