USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır.


“Azeri Today” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbə verir ki, iyulun 16-da hərbi hissələrdən birində olan Müdafiə Nazirliyinin rəhbərliyi öncə burada ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissədə şəxsi heyətin döyüş hazırlığını, mənəvi-psixoloji durumunu yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olub və bu istiqamətdə qarşıda duran tapşırıqları bir daha vəzifəli şəxslərə çatdırıb.


Müdafiə naziri qərargah binası, döyüş texnikaları üçün saxlanclar, silah-sursat anbarı, avtomobil parkı, tibb məntəqəsi, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana kompleksi, digər inzibati və xidməti obyektlərə baxış keçirib, eləcə də qoşunların döyüşə hazırolma səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.


Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

“Azeri Today” “Report”-a istinadən xəbər veriri ki, o, öz ərizəsi əsasında işdən çıxarılıb.

E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən ayrılıb.

ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

Polşa Respublikasının vətəndaşı, hazırda həmin ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Paremba Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə “Azeri Today”-a XİN-dən məlumat verilibş

Məktubunda Tomaş Paremba Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Müəllimlərin diasqnostik qiymətlədirməsinin nəticəsi əsasında məlum oldu ki, təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar var. Sayı çox olmasa da belə müəllimlər bu gün də sistemdə çalışırlar.

“Azeri Today”-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu prosesini izləmək üçün dəvət edilən media tur iştirakçıları ilə görüşdə deyib.

“Vaxtilə işəgötürənlərin məsuliyyətsizliyi, sui-istifadə hallarına yol verməsi nəticəsində lazım olmayan əlavə işçilər işə götürülüb. Bu hal rayon, kənd məktəblərində xüsusilə məşhur idi. Bu gün görürsən ki, məktəbdə fənn üzrə cəmi 15 dərs saatı var, amma 3 müəllim işləyir. Elə məktəblər var ki, orada 18 ibtidai sinif, 26 ibtidai sinif müəllimi var. Təbii ki, həmin məktəblərdə optimallaşdırma aparmaq üçün yollardan biri çalışma müddəti başa çatan işçinin əmək müqaviləsinə xitam verməkdir. Çünki digər halda bu məktəbdə dərs saatını tənzimləmək mümkün deyil. Həmin dərs saatının da tənzimlənməsi zamanı nəzərə alınan amillərdən biri müəllimin diaqnostik qiymətləndirməsinin nəticəsidir. Məktəbdə dərs saatı azdırsa, müəllimin də diaqnostik qiymətləndirmə nəticəsi zəifdirsə, artıq o müəllimi məktəbdə saxlamaq üçün heç bir əsas yoxdur”.

M.Vəliyeva əlavə edib ki, əgər müəllimin dərs saatı çoxdursa, sağlamlığı imkan verirsə və onun dövlət təltifləri varsa, əmək müqaviləsinə xitam verilmə zamanı istisnalara yol verilir.

İyulun 15-də Milli Məclisdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclası keçirilib.

“Azeri Today” xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu cür tədbirlər xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşması baxımından mühüm əhəmiyyətə malikdir.

Səməd Seyidov diqqətə çatdırıb ki, Milli Məclisdə dünyanın 70-dən çox parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. Türkiyə və Gürcüstanla parlament dostluq qrupu onların içərisində ən böyük qruplardandır.

Çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri xanım Sofio Katsarava bildirib ki, belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Xanım deputat diqqətə çatdırıb ki, Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək fikrindədir. Bunun üçün də parlament diplomatiyasının imkanlarından istifadə olunmalıdır.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır bildirib ki, regionda və dünyada sabitlik üçün bu üç ölkənin münasibətləri digər ölkələrə çağırış mesajıdır. Təəssüf ki, Cənubi Qafqazdakı münaqişələr regionun inkişafına maneə törədir. Türkiyə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə inanır.

Azərbaycan Xarici İşlər Nazirliyi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, məlumatda deyilir:

“14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülən işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib”.

2019-cu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 2,4 faiz artaraq, 37 milyard 825,2 milyon manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olub.

ÜDM-in təxminən yarısı sənayenin payına düşüb. Daha sonra isə ticarət (9,9%), nəqliyyat və anbar təsərrüfatı (6,2%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (2,6%), turistlərin yerləşdirilməsi və ictimai iaşə (2,6%), informasiya və rabitə sahələri (1,7%) və digər sahələr (14,5%) gəlir.

Məlum dövrdə informasiya və rabitə sahələrində 15,8 faiz artım qeydə alınıb. Həmçinin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində (13,1%), turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində (3,3%), sənayedə (2,9%), nəqliyyat vasitələrinin təmiri sahələrində (2,8%), nəqliyyat və anbar təsərrüfatı sahələrində (2,5%), digər xidmət sahələrində (1,8%) artım qeyd qeydə alınıb.

Tikinti sahəsində isə 11,2% azalma olub.

Baş Prokurorluq Şəki Xan Sarayının qarşısında baş verən hadisə ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Azeri Today”a daxil olan məlumatda deyilir:

“Xəbər verildiyi kimi, iyulun 14-də saat 12 radələrində Şəki “Xan Sarayı” abidəsinin ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digər 2 nəfərin Şəki RMX, 4 nəfərin isə Bakı MKX-da yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə intensiv müalicələri davam etdirilir.

Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə xəsarət alan şəxslərin təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılması təmin edilmiş, hadisə yerinə baxış keçirilmiş, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülüb, mütəxəssislərin ilkin rəyləri alınıb.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda – 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qıraraq hər iki budaq insanların üzərinə düşüb.

Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub. Belə ki, iyulun 12-dən başlayaraq saniyədə 8-12 metr olan küləklə müşaiyət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54% miqdarında (32 mm) aramsız yağış yağıb.

İlkin müayinələrə əsasən müəyyən edilib ki, qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədi ilə Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunub.

Hazırda araşdırmalar davam etdirilir”.

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərindən APA-ya verilən birgə məlumatda qeyd olunur ki, nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlara ilkin təcilli-tibbi yardım göstərilib. 4 nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Bakı şəhərindən FHN-in helikopterləri vasitəsi ilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib. Eyni zamanda baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40 , FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Şəki Xan Sarayının həyətindəki çinarın iri budağı qırılıb.

“Azeri Today” xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılaraq yerə düşüb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzaya güclü küləyin səbəb olduğu ehtimal edilir. Belə ki, son günlər ölkə ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib. Həmçinin paytaxt və regionlarda külək ağacları maşınların və evlərin üzərinə aşırıb.

Xəbərlər