USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

mədəniyyət

Noyabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” filmi təqdim olunub.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, film “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin (İB) təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib.

Əvvəlcə “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” filmi nümayiş olunub. Sonra “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin sədri Bəsti Nəsibova çıxış edərək filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. Bu cür filmlərin Qarabağ probleminin unudulmamasında böyük rolu olduğunu qeyd edib.

Daha sonra filmin mövzusu haqqında məlumat verilərək bildirilib ki, “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər ərazilərində erməni vandalizmi ilə üzləşən və taleləri məlum olmayan insanların həyatına həsr olunub. Müharibənin fəsadları nəticəsində minlərlə azərbaycanlı əsir, girov və itkin düşüb. Onların əksəriyyətinin taleyi hələ də məlum deyil. Məqsəd o insanların yaşadıqları ağrı-acını, dəhşətləri göstərməkdir. Burada ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin miqyası, dəhşətləri təsvir edilir. Film üç nəfər – bir əsir, bir girov və bir itkin azərbaycanlı üzərində qurulub və eyni, oxşar taleni yaşayan minlərin faciəsini, hiss-həyəcanını təqdim edir.

Tədbir çıxışlarla davam edib.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən “təmir-bərpası” ilə bağlı bəyanat yayıb.

İcmanın bəyanatında bildirilir ki, işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan Şuşada Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışına” hazırlaşır.

“Bu, işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir.

Məlum olduğu kimi, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər ağa məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib.

Məscidin “təmir”dən sonra “açılış”ı Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün planlaşdırdığı növbəti ucuz bir şoudur. Ermənistan bununla dünyada özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Ermənistan həqiqətən tarixi abidələrə bu qədər hörmətlə yanaşırsa, onların bərpasında maraqlıdırsa, onda nəyə görə xalqımıza məxsus yüzlərlə mədəni, tarixi dini abidələri məhv edir? Şuşada vaxtı ilə mövcud olmuş digər məscidlərin, kilsələrin və digər abidələrin izləri nəyə görə erməni vandalları tərəfindən yer üzündən silinməkdədir? Şuşanın əzəli yerli sakinləri olan azərbaycanlılar oradan qovulduqları halda Yuxarı Gövhər ağa məscidindən kimlər istifadə edəcək?

Bizi ağrıdan həm də odur ki, erməni qəsbkarları xalqımızın bu memarlıq incisinin arxitekturasını dəyişərək, məscidi “fars məscidi” kimi qələmə verməyə çalışırlar. Bu bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir. Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır, onu yenidən yazmağa çalışır. Bu həm də bir daha Ermənistanın saxta tolerant ölkə olduğunu göstərir.

Mətbuatda yer alan məlumata görə, Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa” işləri İranın “Part Saman Cahan” şirkəti tərəfindən aparılır. Bu biz məcburi köçkünləri məyus edir. Biz bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına və ümumən Azərbaycan xalqına qarşı sayğısızlıq kimi dəyərləndiririk.

Biz Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edirik ki, öz yurdumuza qayıtdıqdan sonra görəcəyimiz ən birinci iş məhz mədəni, tarixi və dini abidələrmizi bərpa etmək olacaq. Həmin günün uzaqda olmadığına əminik.

Münaqişənin yeganə həlli yolu Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılması, oradan qovulmuş azərbaycanlıların geri qayıtması, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının birlikdə sülh şəraitində yaşaması ilə mümkündür” – deyə bəyanatda vurğulanır.

“Bundan öncə də dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycanın tarixi, maddi-mədəni irsinə, dini abidələrinə böyük zərər vurulmuş, çoxsaylı abidələrimiz dağıdılmış, talan edilmişdir və hazırda Ermənistan tərəfindən abidələrimizin mənşəyinin və təyinatının dəyişdirilməsi siyasəti həyata keçirilməkdədir”.

“Azeri Today”ın məlumatına əsasən, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Şuşadakı Yuxarı Gövhərağa məscidində təmir işlərinin yekunlaşacağı ilə bağlı Ermənistan KİV-də yayılan məlumatlara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində ölkəmizin tarixi və mədəni irsinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı konkret faktlara əsaslanan hesabatlar bu günədək UNESCO başda olmaqla, əsas beynəlxalq təşkilatlara, həmçinin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya təqdim edilib. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir: “Sonuncu belə bir qətnamə 2019-cu ildə İƏT Xarici İşlər nazirlərinin Abu-Dabi şəhərində keçirilən 46-cı iclası nəticəsində qəbul olunub. Azərbaycanın Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə 19-cu əsrdə tikilmiş Yuxarı Gövhərağa (Cümə) məscidinin Ermənistan tərəfindən “təmir olunması” bu işğalçı ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsidir. Belə ki, Gövhərağa məscidini “bərpa” edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətidir.

Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın bu gün Şuşada məscid “təmir” edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildir. Dini və dünyəvi dəyərlərə, hörmət edən tərəf özünün viran etdiyi dini yerləri sonradan bərpa edirmiş kimi tarixi saxtalaşdırmaqla məşğul olmaz”.

UNESKO-da Azərbaycanın dahi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə oktyabrın 16-da tədbir keçiriləcək.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, tədbir qurumun baş qərargahında baş tutacaq.

Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Bahariyyə” muğam konserti təşkil olunacaq.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Nesimi. İrak divanı” kitabının təqdimatı keçirilib.

“Azeri Today” “Trend”-ə istinadən xəbər verir ki, əsər “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə Türkiyədə çap olunub.

Təqdimatda Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, akademiklər Nizami Cəfərov, Qəzənfər Paşayev və digər qonaqlar iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev “Nəsimi ili” çərçivəsində ilin əvvəlindən müxtəlif tədbirlərin keçirildiyini qeyd edib: “Bizim musiqiçilər, rəssamlar Azərbaycan ədiblərinin əsərlərindən bəhrələnərək nə qədər yeni əsərlər yaradıblar. Qəzənfər Paşayevin ərsəyə gətirdiyi kitab da xüsusi əhəmiyyət daşıyır. Bəzən biz ədəbiyyatşünaslığın əhəmiyyətini layiqincə qiymətləndirmirik. Bu, olduqca vacib istiqamətdir. Sözsüz ki, bu araşdırmalar Azərbaycan xalqının kimliyini nümayiş etdirmək üçün çox vacib yoldur. Ümid edirəm ki, “Nəsimi ili” bitəndən sonra da bu tədbirlər davam edəcək”.
Akademik İsa Həbibbəyli isə qeyd edib ki, AMEA-da bu il ərzində Nəsimi irsinə həsr olunmuş 16 kitab çap edilib. Nizami adına Ədəbiyyat İnstitutunda isə 11 kitabın çapı nəzərdə tutub, bunlardan 7-si artıq çap olunub. Belə nəşrlərdən biri də Qəzənfər Paşayevin tərtib etdiyi Nəsiminin İraq divanıdır. Bu kitab həm Azərbaycanda, həm də dünyada Nəsimişünaslıq elminə böyük töhfədir.

Daha sonra kitabın tərtibatçısı, akademik Qəzənfər Paşayev çıxış edərək Nəsiminin uzun müddət kafirlikdə suçlandırılaraq yaradıcılığının kənarda qaldığını bildirib: “Yalnız XIX əsrdə Türkiyədə Nəsiminin divanından parçalar, 1926-cı ildə Azərbaycanda Salman Mümtazın araşdırması çıxdı. 1973-cü ildə isə Heydər Əliyevin Nəsiminin yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam sayəsində Nəsimi bütün Azərbaycanda tanındı. Onun dünyada əlliyə qədər əlyazması var. Ancaq Nəsiminin İraq divanı nüsxəsində 63 şeirini üzə çıxartdım. Bu kitabın Türkiyədə yenidən çapını isə Nəsimi irsinin tanıdılmasında böyük addım hesab edirəm”.

Avqustun 9-da Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.

“Azeri Today” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib:
“Dövlət Turizm Agentliyi yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirir və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir”.

Xatırladaq ki, iyulun 14-də saray ərazisindəki 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağı qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.
Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən birgə rəydə hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu açıqlanıb.

Hadisədən sonra müvafiq araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı.

“Şəki Xan Sarayı turistləri qəbul etməyə prinsipcə hazırdır”.

Bu fikirləri Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Şəki Xan Sarayında bərpa, budanma və təmizlik işləri yekunlaşıb: “Hazırda saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılma prosesi gedir. Çünki burada təhlükəsizliyə cavabdeh olan qurumlar var. Prinsipcə saray turistləri qəbul etməyə hazırdır. Razılaşdırılma prosesi bitəndən sonra Şəki Xan Sarayı tam istifadəyə veriləcək. Yəni, Şəki Xan Sarayının açılışı dövlət strukturları arasında razılaşdırılma prosesindən sonra baş tutacaq. Çünki elə məsələlər var ki, bizim səlahiyyətimizdə deyil. Misal üçün, Şəki Xan Sarayında baş vermiş hadisə ilə əlaqədar olaraq bəzi məsələlər Fövqəladə Hallar Nazirliyinə, bəziləri Baş Prokurorluğa, digər məsələlər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Biz hazırda bu qurumların müsbət rəyini gözləyirik”.

“Keşikçidağ” mağara-məbədlər kompleksi Azərbaycanın dövlət tarix-mədəniyyət qoruğudur.

“Azeri Today” “Report”-a stinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, kompleks Azərbaycanla Gürcüstan sərhəd zolağı boyunca 25 km-dək uzanaraq böyük bir ərazini əhatə edir: “Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, sonuncu yaşayış məntəqəsindən 28 km şimal-şərq istiqamətində yerləşir. Mağaralar kompleksi dəniz səviyyəsindən 750-950 metr hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqları əhatə edir.

Qoruq ərazisində 70-ə qədər, yaşı iki min ilə gedib çıxan təbii və süni mağaralar var. Mağaralar kompleksində Qafqaz Albaniyası zamanı keçilməz qayalıqlarda inşa edilmiş 11 metr hündürlüyündə üçmərtəbəli qala, bir-birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, tarixi atəşpərəstlik çağının yadigarı olan yerli əhali arasında suyu şəfaverici bulaq kimi istifadə edilən “Qüdrət bulağı” adlı inanc yeri var. Mağaralardan 3 km cənubda Son Tunc-Erkən Dəmir dövrünə aid 100-ə yaxın kurqan aşkarlanıb.

Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Azərbaycan Respublikasının “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğu elan edilib.
Keşikçidağ mağara-məbədlər kompleksi qoruq kimi fəaliyyətə başladığı ilk gündən Mədəniyyət Nazirliyi elmi araşdırmaların aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət, Tarix institutları ilə əməkdaşlıq edir”.

Nazirlikdən bildirilib ki, qoruğun tanıdılması və ziyarətçilərin rahatlığını təmin etmək məqsədi ilə bir sıra işlər həyata keçirilib: “Turistlərin qoruğa gedişini asanlaşdırmaq məqsədi ilə yol istiqamət nişanları basdırılıb, abidə haqqında qısa məlumatlar olan yeni lövhələr qoyulub. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu haqqında “Qədim yurdun daş kitabəsi” adlı sənədli film çəkilib. Bundan əlavə 2018-ci ildə “Virtual Keşikçidağ” adlı panoramik turun çəkilişləri istifadəyə verilərək qoruğun veb saytında yerləşdirilib”.

Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

“Azer Today” bildirir ki, Mədəniyyət Mərkəzinin yaradılmasında məqsəd Azərbaycanın daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirməkdir.

Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

“Azeri Today” xəbər verir ki, bugünkü müzakirədə Azərbaycanın Şəki şəhəri ilə bağlı irəli sürdüyü nominasiyaya baxılıb.

Şəkinin Dünya İrs Siyahısına salınması ilə bağlı keçirilən müzakirələrdə Şəki Xan Sarayı və tarixi məkanlarının vəziyyəti qiymətləndirilib.

Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.

Xəbərlər