USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.

“Azeri Today”-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, 2 saylı DOST mərkəzinin binası 2 mərtəbəlidir. Bina müasir üslubda layihələndirilib və mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir. Bu DOST mərkəzi gün ərzində 250-300 vətəndaşı qəbul edə biləcək. Mərkəz Bakının Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət edəcək. İl ərzində 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstəriləcək. Mərkəzdə 80 nəfər, “Gənc DOST” proqramı üzrə isə 40 könüllü fəaliyyət göstərəcək. Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, bu mərkəz də vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. DOST layihəsi artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

Prezident İlham Əliyev DOST mərkəzinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşüb.

Xəbərlər