USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

cəmiyyət

Azərbaycanda müqəddəs Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək.

Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

İdarənin tərtib etdiyi təqvimə əsasən bayramın ilk günü may ayının 6-na, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27, 31 may tarixlərinə təsadüf edəcək.

Eyni zamanda, təqvimdə Ramazan bayramının iyun ayının 5-nə düşəcəyi qeyd edilir.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

2010-cu ilin fevral ayından etibarən zorakılıqla bağlı “Uşaq Qaynar xətti”nə 36 minə yaxın müraciət daxil olub.

Bu barədə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova məlumat verib.

Onun sözlərinə görə, son illər Azərbaycanda zorakılığa məruz qalan uşaqların sayında artım qeydə alınıb:

“2019-cu ilin ilk dörd ayında “Uşaq Qaynar xətti”nə 861 zəng daxil olub. Daxil olan zənglərin böyük əksəriyyəti bölgələrdən olsa da, təəssüf ki, paytaxtda da bu kimi hallar artıb.

Müraciətlər arasında yaş qrupları fərqlidir: beş yaşlı, eləcə də, 10-16 yaş arası uşaqlar da var. Xüsusilə keçid dövrü yaşayan 12-14 yaş arası uşaqlardan gələn müraciətlər çoxdur. Daxil olan bütün zənglər mütəxəssis və peşəkar psixoloqlar tərəfindən cavablandırılaraq, araşdırılır”.

K.Aşumova onu da əlavə edib ki, Azərbaycanda doqquz ildir uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində işlər görülür:

“Biz bu istiqamətdə tibb işçilərinə maarifləndirici təlimlər keçirik. Xüsusilə pediatrların bu təlimlərə cəlb edilməsinə diqqət göstəririk. Onlar zorakılığa məruz qalan uşaqlarla rastlaşdıqda hara və hansı şəkildə müraciət etməli olduqlarını izah edirik. Bu, yalnız vəzifə borcu deyil, insanlıq vəzifəsidir. Təəssüf ki, bölgələrdə zorakılığa məruz qalan uşaqların sayının artmasına səbəb orada ailələrin, azyaşlıların müraciət edə biləcəyi sosial xidmət mərkəzlərinin olmamasıdır”.

Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Azeri today” “Report”-a istinadən xəvər verir ki, Bayraq meydanının yaxınlığında “Mercedes” markalı mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar – 1991-ci il təvəllüdlü İlyaslı İlyas Ramiz oğlu, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.

Qəzaya düşən mikroavtobusda Bakı şəhərində təşkil olunmuş idman yarışından qayıdan məktəblilər, onların müəllimləri və valideynləri olub.

Faktla bağlı araşdırma aparılır.

Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanış olmaq üçün Tibb Universitetinin 4 saylı yataqxanasına gəldi. 1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə yaşayır. Məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildirdilər, bu dəstəyi hər zaman hiss etdiklərini söylədilər.

Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Çox sağ olun ki, məni belə qarşılayırsınız. Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün pansionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün pansionatları gəzəcəyəm.

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başlayıb.

Pilotlar 13:00-dan 14:30-dək boldilərini və trası yoxlayacaqlar. İkinci sərbəst yürüş bu gün saat 17:00 – 18:30-da olacaq.

Qeyd edək ki, aprelin 27-də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

Yarış isə bazar günü keçiriləcək.

“Azeri Today” “Report”-a istinadən xəbəri verir ki, Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.

Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə, uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.

Məsələ ilə bağlı Sevinc Əzimova Binəqədi Rayon Polis İdarəsinə çağrılaraq izahatı alınıb. Müəllim şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə, özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.

36 yaşlı S.Əzimova 14 ildir Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

“Bonita” mağazalar şəbəkəsi metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən filialında erməni mahnısının səslənməsi məsələsinə aydınlıq gətirib.

“Azeri Today” Oxu.az”-a istinadən xəbər verir ki, mağazalar şəbəkəsindən verilən məlumatda bunun sadəcə, anlaşılmazlıq olduğunu bildirilib.

Açıqlamaya görə, mağazada hər gün səhər saat 09:00-dan axşam 21:00-dək “YouTube” portalı vasitəsilə mahnılar səsləndirilir və avtomatik olaraq yenilənir:

“Erməni dilini bilmədiyimiz üçün yenilənən mahnının erməni mahnısı olduğunu anlamamışıq. Bu mahnıları “YouTube” özü tənzimləyir. Burada anlaşılmazlıq yaranıb. Hər birimiz azərbaycanlıyıq və vətəndaşlarımıza faydalı olmağa çalışırıq. Həmin mahnının səsləndirilməsini isə heç kim istəməzdi”.

Mağazadan qeyd olunub ki, videonu çəkən şəxsin iradlarına rəğmən, mahnını dəyişdirməyən əməkdaş işdən çıxarıla bilər:

“Əgər videonu çəkən xanım mahnının dəyişdirilməsini istəyibsə və əməkdaşımız bunu etməyibsə, həmin şəxsin işinə son verməyə hazırıq. Çünki erməni adı gələndə vətənpərvərlik ruhu oyanmayan biri kollektivimizdə ola bilməz”.

Bu gün Yasamal Rayon Məhkəməsində Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Space” televiziyası barədə tərtib etdiyi protokol üzrə məhkəmə iclası keçirilib.

“Azeri Today”-ın xəbərinə görə, hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prsosedə qərar elan olunub.

Qərara əsasən, məhkəmə MTRŞ-nın protokolunu təmin edib, “Space” televiziyası 6 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, MTRŞ-nın məlumatına əsasən, “Space TV”-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Aprel ayının 16-da it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun hazırkı vəziyyəti stabildir.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019-cu ilin ilk üç ayı ərzində beş minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər.

Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər.

Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir. Quduzluğun epidemioloji xüsusiyyətləri aşağıdakılardır:

• insanların yoluxmasında əsas mənbə itlərdir;

• xəstələnənlərin əsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlar olur;

• xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir: baş, əl və əl barmaqları nahiyəsi;

• insanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir.

• xəstəliyin inkubasiya dövrü 14 gündən üç aya qədərdir.

Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.

Astarada 1 ev uçub, ətrafındakı evlər də eyni təhlükə ilə üz-üzədir.

“Azeri Today” “Oxu.Az”-a istinadən xəbər verir ki, mart ayının 26-da torpaq qatının sürüşməsi nəticəsində rayonun Siyəkü kəndində qəzalı vəziyyətə düşən evlərdən biri uçub.

Ötən gecə kənd sakini 70 yaşlı Təcrübə İsgəndərovanın 3 otaqlı evi tamamilə qəzalı vəziyyətə düşüb. Ev sahibinin sözlərinə görə, xoşbəxtlikdən 5 nəfər ailə üzvündən heç biri xəsarət almayıb.

Cənub bölgəsinə intensiv düşən yağıntıların son 5-6 gün ərzində torpaq sürüşmələrini aktivləşdirməsi kənd sakinlərini narahat edir.

Qeyd edək ki, hazırda kənddə 10-a yaxın ev dağılmaq təhlükəsi qarşısındadır.

Yaranmış vəziyyət barədə Fövqəladə Hallar Nazirliyinə də rəsmi qaydada müraciət edilib. Lakin evlərə və həyətlərə hələ ki, baxış keçirilməyib.

Xəbərlər