USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21- də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

“Azeri Today” “Report”-a istinadən xəbər vərir ki görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı dünyanın dini liderlərinə və parlamentlərinə, BMT, ATƏT, Avropa Şurası, İƏT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən tədbirdə müraciəti QMİ sədri Allahşükür Paşazadə oxuyub.

Müraciətdə deyilir: “O Bir Olan Yaradanın adı ilə!

Biz, milyonlarla azərbaycanlının iradəsini ifadə edərək, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımın 27-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik.

Azərbaycan xalqının qan yaddaşında həkk olunmuş tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın etmiş və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətmişdir. Azərbaycanın Xocalı şəhərində həmin gecə erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər mülki əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı şəhəri yerlə yeksan edilmiş, əhalinin 150 nəfəri itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilmişdir.

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdəndir. Mahiyyəti etibarilə, Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, fiziki və mənəvi terrora məruz qalmış, erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

İyirmi yeddi il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməmişdir. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.

Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən, Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır. Çox böyük təəssüf doğuran məqamdır ki, bəzi dövlətlər real tarixi soyqırımların deyil, saxta soyqırım iddialarının tanınması yönündə səylərini əsirgəmirlər. Beynəlxalq müstəvidə tarixi faktlara əsaslanmayan hadisələrin qərəzli şəkildə siyasiləşdirilərək haqsız iddialara yol açması yönündə meyllər bizi narahat edir. Belə təəssübkeşlik heç bir vəchlə qəbul oluna bilməz!

Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmaması nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı işgəncələr tətbiq edir, meyidlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Xocalı qətliamında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur və bunun əlamətləri artıq göz qabağındadır. Xocalı canilərinin soyqırımı cinayətinə görə beynəlxalq tribunala çıxarılacağı gün uzaqda deyil, inşallah!

Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Azərbaycanın dövlət rəhbərinin ölkəmizin ərazi bütövlüyünün bərpası yönündə səylərinin uğurla nəticələnməsinə inanır, bunun üçün dualar edirik. Biz Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən, Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirik. Biz, din xadimləri bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyir, Dağlıq Qarabağda beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə ədalətin bərqərarı, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırım aktı kimi tanımağa çağırırıq.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”

Cari il martın 14-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərində Ümumdünya Xüsusi Yay Oyunları keçiriləcək.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən alınan məlumatat görə, Yay Oyunlarında Azərbaycandan 56 idmançı iştirak edəcək. Onlar yarışlarda idmanın on növü üzrə güclərini sınayacaqlar.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin Bakı şəhəri üzrə sonuncu seçim turu keçirilib.

“Azeri Today” AZƏRTAC-a istinadən xəbər verir ki, seçim turlarında 400-dən çox ifaçı iştirak edibç o cümlədən bölgələr üzrə 30, Bakı şəhəri üzrə 40 nəfər həlledici seçimə qatılıb. 70 gənc iştirakçılardan 20-si müsabiqədə yarışmaq üçün vəsiqə qazanıb.

“Müsabiqəyə müraciət edənlərin sayı ildən-ilə artır. 400-dən çox gəncin bu seçimlərə qatılması o deməkdir ki, gənclər arasında sənətə böyük maraq var. Təbii ki, seçim turlarına səsi gözəl olan da, yaxşı hazırlaşan da, hazırlaşmayan da qatılmışdı. Lakin biz seçim turlarında, ilk növbədə, iştirakçıların səs imkanlarına, zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm verdik. Finala qalan iyirmiliyi seçmək o qədər də asan olmadı”,- deyə müsabiqənin icraçı direktoru İlqar Fəhmi bildirib.


Münsiflər heyətinin üzvləri – Xalq artistləri Əlibaba Məmmədov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Səkinə İsmayılova, Arif Babayev, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirakçıları diqqətlə dinləyib.

Xalq artisti Mənsum İbrahimov müsabiqəyə İrandan iki iştirakçının müraciət etdiyini bildirib:

“Bu ifaçılar finala vəsiqə qazanıb. Onların da maraqlı səs tembrləri var. Müsabiqə başlayanda, siz də maraqlı və yeni, gözəl səslərin şahidi olacaqsınız. Finala vəsiqə qazanan 20 iştirakçının tamaşaçılar tərəfindən seviləcəyinə inanırıq. Muğam Azərbaycan xalqının ruhudur. Ümid edir ki, müsabiqə günlərində xalqımıza gözəl bir muğam bayramı ab-havası yaşada biləcəyik”,- deyə M. İbrahimov bildirib.

Это изображение имеет пустой атрибут alt; его имя файла - 16-02-2019-Siyavus-Novruzov-İlham-Aliyev-898x1024.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyavuş Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

“Azeri Today” AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.

Fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov ilə görüşdü. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Qırğızıstan arasında mövcüd olan əməkdaşlıq münasibətlərini müzakirə edib və ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini ifadə etdilər.

İki ölkənin XİN başçıları Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadi-ticarət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd ediblərI Görüşdə Türk Şurasının növbəti zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüşdə regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

Fevralın 16-da Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən alınan məlumata görə, Azərbaycan Respublikası Müdafiə naziri
general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun dəvəti ilə Əbu-Dabi şəhərinə yola düşüb.

Fevralın 16-da “Azeri Today”-a AZƏRTAC-dan verilən məlumata görə, Macarıstanın Dunaujvaros Universitetinin kitabxanasında Azərbaycan guşəsi yaradılacaq.

Bununla əlaqədar ali məktəbin Azİİ Elektron Kitab Evi Dunaujvaros Universitetinin kitabxanasına Azərbaycan və xarici dillərdə nəşr olunmuş 23 adda kitablar hədiyyə edib.

Qeyd edək ki, Dunaujvaros Budapeşt yaxınlığında Danauyvaroş şəhərində yerləşən ali məktəbdir. Son 15 ildə tələbələrin sayı artıb və hal-hazırda burada 3500 yaxın tələbə təhsil alır. 2006-cı ildən bəri universitet əcnəbi tələbələr üçün beynəlxalq proqramlar təklif edir. 1 yanvar 2017-ci ilə kimi Dunauyvaroş Kolleci adlanırdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınan məlumata görə, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 200 şəhid hərbi qulluqçunun 318 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Yaxın günlərdə müvafiq vəsait onların bank hesablarına köçürüləcək və bu barədə onların telefon nömrələrinə sms-bildiriş göndəriləcək.

Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu il 28 yanvar tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci il avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin vərəsələri də aid edilib. Vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 min 268-ə çatıb.

Fevralın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan Rusiyanın Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüş keçirib.

“Azeri Today” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi qeyd edilib.

Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin Azərbaycan ordusunun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.

Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.

Xəbərlər