USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuatda Almaniyanın “EuroSchein-Souvenir GmbH” şirkətinə məxsus internet səhifəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimə həsr olunan suvenir avro əsginaslarının buraxılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

“Azeri Today” XİN Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, məsələ ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyi dərhal sözügedən şirkətin icraçı direktoru ilə əlaqə saxlayıb və ona etiraz məktubu ünvanlayıb.

“Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejim və bu ərazilərdəki qanunsuz fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Şirkətdən qanunsuz rejimin təşviqinə xidmət edən addımlardan çəkinmək tələb olunub. Müqabil tərəf müraciətimizə dərhal reaksiya verərək, yazılı cavab məktublarında buraxdıqları səhvə və səbəb olduqları narahatlığa görə üzr istəyib, müvafiq suvenir əsginasların dizaynının onlar tərəfindən deyil, lisenziya əsasında fəaliyyət göstərən digər şirkət tərəfindən tərtib olunduğunu bildiriblər. Buna baxmayaraq, müraciətimizdən sonra məsələnin aidiyyəti üzrə müzakirə edildiyi qeyd olunub və müvafiq suvenirlərin istehsal edilməməsi və bu barədə məlumatın (“link”in) internet səhifəsindən silinəcəyi vəd olunub. Qeyd etmək istərdik ki, sözügedən məlumat artıq alman şirkətinin internet səhifəsindən silinib”, – deyə məlumatda qeyd olunub.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir”.

“Azeri Today”-ın məlumatına əsasən, bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 7-də Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşündə deyib.

Nazir xüsusi qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.

Fransanın bəzi şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan bir neçə qanunsuz “müqavilə”nin Fransanın müvafiq məhkəmələrinin qərarları ilə ləğv olunmasını yüksək dəyərləndirən Müdafiə naziri Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərinin daha da artıracağına ümidvar olduğunu bildirib.

Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.

Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası öz işini başa vurub.

“Azeri Today” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, toplantıda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda iclasının yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

Bu formatda növbəti görüşün gələn il Türkiyədə keçirilməsi planlaşdırılır.

Azərbaycanda gələn il üçün orta aylıq pensiya məbləği açıqlanıb.

“Azeri Today” “APA”-ya istiandən xəbər verir ki, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, müvafiq məlumatlara əsasən orta aylıq pensiya məbləğinin 2020-ci ildə 293 manat olacağı nəzərdə tutulub. Bu da 2018-ci il üzrə müvafiq göstəricidən 85 manat və ya 40,9%, 2019-cu ilin müvafiq proqnoz göstəricisindən isə 43 manat və ya 17,2% çoxdur.

ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.

“Azeri Today” xəbər verir ki, bu barədə A.Qasımlı partiyadakı proseslərlə bağlı keçirdiyi brifinqdə deyib.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

“Azeri Today” Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istiandən xəbər verir ki, müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Litva arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, o cümlədən hərbi qulluqçular üçün təşkil olunan kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Litva əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
E.Navikas öz növbəsində Litvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Tərəflər regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçisi” Masis Mayilyanın Rusiya Federasiyasının paytaxtına getməsi ilə bağlı mətbuatda yayılan məlumat hazırda tərəfimizdən araşdırılır. Bu “səfər” çərçivəsində qanunsuz rejimin “nümayəndəsi”nin kimlərlə görüşdüyü, hansı tədbirlərdə iştirak etməsi kimi məsələlər dəqiqləşdirilir”.

“Azeri Today” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Leyla Abdullayeva bildirib.

“Bilirsiniz, diplomatiyada hər hansı məsələ ilə bağlı xarici ölkə səfirinin XİN-ə çağırılacağı xəbərini öncədən elan etmək təcrübəsi mövcud deyil. Bu, ciddi bir addımdır və əlbəttə ki, buna öncədən müvafiq məlumatı toplamaqla hazırlaşmaq lazımdır. Mətbuata isə səfirin çağırılması ilə bağlı məlumat post-factum, yəni hadisə baş verdikdən sonra verilir. Müşahidələrim onu deməyə əsas verir ki, bəzi jurnalistlər bu məsələdə əsassız səs-küy qaldırmağa çalışırlar. Fikrimcə, məsələyə aydınlıq gətirilməsi üçün professional yanaşma nümayiş etdirərək XİN-in Mətbuat Xidmətinə müraciət edilə bilərdi. Biz isə ünvanlanan bütün müraciətləri, əlbəttə ki, məsələ üzrə ətraflı məlumat toplandıqdan sonra cavablandırırıq. O ki qaldı konkret olaraq sualınızda qeyd etdiyiniz Xarici İşlər Nazirliyinin mövqeyinə, vurğulamaq istərdim ki, Azərbaycan tərəfinin qanunsuz oyuncaq rejimin “nümayəndələri”nin xarici ölkələrin ərazisinə daxil olması məsələsində nümayiş etdirdiyi yanaşma birdir və bu yanaşma hər bir kəsə eyni şəkildə şamil olunur. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi məsələsi bizim hamımız və bütün xalqımız üçün olduqca prinsipial məsələdir”, – deyə o qeyd edib.

“Ötən il Türkiyə lirəsinin məzənnəsinə güclü hücum olmasına baxmayaraq, milli gəlirlərimizi 790 milyard dollar səviyyəsində saxlamağı bacardıq”.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisindəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“Ölkəmizi digər sahələrlə yanaşı iqtisadiyyatda da irəliyə apardıq. 2003-2018-ci illər arasında iqtisadiyyatımızı orta hesabla 5,6 faiz böyütmüşük. İxracata görə dünyanın 13-cü ən böyük iqtisadiyyatına malikik. Türkiyə hazırda iqtisadiyyatı inkişaf etmiş 20 ölkə arasındadır.

Hakimiyyətimiz dövründə 9 milyon insanı yeni işlə təmin etdik və məşğulluq rəqəmini 29 milyona çatdırdıq. İxracatımızı 36 milyard dollardan 171 milyard dollara qədər artıraraq, ümumi ticarətin həcmini 180 milyard dollara çatdırdıq. Tariximizdə ilk dəfə olaraq cari balansımız 5 milyard dollar civarında profisit verdi. Bu cari tarazlıq problemini terrorizmlə mübarizə qədər kritik bir yaşamaq problemi olaraq görürük. Ona görə də bu məsələdə qətiyyətli mövqeyimizi sona qədər davam etdirəcəyik”, -deyə Ərdoğan vurğulayıb.

R.T.Ərdoğan Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizəyə də toxunub. O deyib ki, bütün terrorçuları məhv edənədək əməliyyatları dayandırmayacaqlar: “Heç kim bizdən bunu dayandıracağçımızı gözləməsin. ASALA terror qruplaşması bizim 40-dan çox diplomatımıza qarşı terror aktı törədib. Ancaq Qərb erməni terroruna münasibət bildirmədi. Suriya ərazisindən Türkiyəyə terror təhlükəsi yaranan zaman bütün dünyandan, o cümlədən G-20-dən yardım istədik. Zahirdə bunu hamı müsbət qarşıladı, ancaq əməldə heç kim kömək etmədi. Ölkəmizə gətirdiyimiz “Patriot”u söküb geri apardılar. Onlar ölkəmizin təhlükəsizliyini və bizi təhdid edənlərin yanında durdular”.

R.T.Ərdoğan Türkiyənin terrora qarşı mübarizə aparıb, ən çox itkilər verən dövlət olduğunu vurğulayaraq bu istiqamətdə uğurlar əldə etdiklərinin deyib: “On minlərlə günahsız vətəndaşımız və məmurumuz terrorçular tərəfindən qətlə yetirilib. Diyabakırdakı əyalət təşkilatını niyə tərk etdiniz? Niyə oradakı analarla görüşmədiniz? Çünki işinizə yaramır. Siz ikiüzlü də deyil, çoxüzlüsünüz.

Əsgərimiz geri çəkirik dedilər. Çəkdilərmi? Xeyir! Noyabrın 4-də hökumətin toplantısna biz mövqeyimizi qəti şəkildə ifadə etdik. Bunlar onsuz da İŞİD-lə bərabər hərəkət edirlər. Biz isə üç min İŞİD terrorçusunu məhv etdik.

Bizə adi bir tapançanın satışını belə əngəllədilər. Madam ki strateji müttəfiqik, bizə qarşı niyə belə hərəkət edirsiniz? Hava hücumundan müdafiə sistemini bizə satmadılar. Gedib, Rusiyadan “S-400” Zenit-Raket Kompleksi aldıq. “F-35” layihəsindən bizi sıxışdırmaq istəyirlər. Bunun da alternativ var. Təki pulun olsun. Bu da azmış kimi indi də tarixlə bizə təzyiqlər edirlər. Bütün bunlara baxmayaraq, “Barış pınar”ı əməliyyatının davam etdiririk. Parlamentlərində heç bir hüquq əsası olmayan qərarlar qəbul edirər. Qəzetlərində Türkiyəyə qarşı yazılar yazırlar. PKK/YPG-PYD terrorçu kimi qəbul edilməyənədək əməliiyat davam edəcək. İndi İŞİD-i özləri yaratdıqlarını etiraf edirlər”.

“Mövcud şəraitdə iqtisadi, siyasi, mədəni və sosial sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün zəmin hazırdır. Odur ki, ölkələrimiz bu potensialı aktivləşdirmək üçün daha çox səy göstərməlidir”.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla görüşdə deyib.

O, iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, şəhərsalma və nəqliyyat sahələrində əməkdaşlıq üçün potensialın artırılmasının zəruriliyini vurğulayıb.

Öz növbəsində Azərbaycan səfiri Azərbaycan-İran münasibətlərinin tarixi xarakter daşıdığını və rəsmi Bakının hər zaman iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafını dəstəklədiyini bildirib.

Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb.

“Azeri Today” xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürak toplantıda iştirak etmək üçün Azərbaycana gəlib.

Tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirir və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edir.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Metin Gürakdır.

Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.

Xəbərlər