USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusuna qar­şı silahdan havaya xəbərdarlıq məqsədi ilə atəş açılıb, lakin sərhəd pozucusu əlindəki bağlamanı əraziyə ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, nəticədə 1 ədəd qara rəngli torba içərisində ümumi çəkisi 4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürül­üb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş postlarında növbə çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığını, qışa hazırlığının vəziyyətini, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri bölmələrin daima döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Sonra nazirliyin rəhbər heyəti Horadiz şəhərində yerləşən aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Müdafiə Nazirliyinin rəhbərliyi səfər çərçivəsində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan “Şəhidlər bulağı”nın açılış mərasimində iştirak edib. Sonra ərazidə uzunömürlülüyün simvolu olan çinar ağacları əkilib.

Müdafiə naziri cəbhəboyu zonaya yaxın ərazidə yeni istifadəyə verilmiş mühəndis şəhərciyində də olub.

Bildirilib ki, mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb döyüş şəraitində ərazinin relyefini nəzərə almaqla yerinə yetirməsi vərdişlərini təkmilləşdirmək üçün şəhərcikdə lazımi infrastruktur yaradılıb.

Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində xüsusi texnikanın mürəkkəb relyef və sərt iqlim şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi, həmçinin döyüş tapşırıqlarının məşq etdirilməsi nəzərdə tutulub.

Müdafiə naziri mühəndis qoşunlarının komandanlığına şəxsi heyətin döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.

Mən Dağlıq Qarabağ icmaları arasında əlaqələrin tərəfdarıyam.

Bu fikirləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat komfransı zamanı Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini şərh edərkən deyib.

O bildirib ki, Rusiya bu təşəbbüsün müəlliflərindən biri olub:

“Hesab edirəm ki, bu, çox vacibdir. İstənilən qərar bu torpaqda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Mən icmalar arasında əlaqələrin və onların bərpa olunmasının tərəfdarıyam. Yekunda Qarabağın bütün əhalisi necə yaşamaq lazım olduğunu özü qərar verməlidir”.

“Biz beynəlxalq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdik”.

“Azeri Today”-ın məlumatına əsasən, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun bildirib ki, Dağlıq Qarabağ nizamlanması məsələsi həm Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlər çərçivəsində, həm də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olduğuna görə çoxtərəfli münasibətlər çərçivəsində böyük və ciddi mövzudur.

“Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır”, – nazir

Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında təkbətək görüş başlayıb.

“Azeri Today” “Reporta” istiandən xəbər verir ki, danışıqlar Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.

Nazirlər Azərbaycan və Rusiya arasındakı əlaqələrin hazırkı vəziyyətini və gələcə inkişaf perspektivlərini müzakirə edirlər.

E.Məmmədyarov və S.Lavrov həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də nəzərdən keçirirlər.

XİN başçılarının təkbətək danışıqları yekunlaşdıqdan sonra geniştərkibli görüş keçiriləcək.

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin edilib.

“Azeri Today” xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə parlamentin qərarının mətni açıqlanıb.

“Azeri Today” “Trend”-ə istinadən xəbər verir ki, qərarda deyilir:

“Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Bu islahatların daha da sürətləndirilməsi, bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.

Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi, dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədi ilə dövlətçilik nümunəsi göstərməlidir. Bu baxımdan Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə əlaqədar Milli Məclisin sədrinə müraciət ediblər. Deputatlar belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər. Həmin müraciətin parlamentin plenar iclasında müzakirəsi zamanı digər partiyaları təmsil edən, habelə heç bir partiyaya mənsub olmayan deputatların əksəriyyəti YAP təmsilçilərinin təşəbbüsü ilə həmrəylik nümayiş etdirərək parlament fəaliyyətinin yaranmış vəziyyətdən davam etdirilməsini mümkünsüz olduğunu bəyan ediblər.

Milli Məclis deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqelərinin mövcudluğunu nəzərə alınaraq deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir. Öz səaliyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalmamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Milli Məclisin Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir.

Yuxarıda şərh edilənlərə əsasən, Milli Məclis konstitusiyanın 95-ci maddənin 3-cü hissəsini rəhbər tutaraq qərara alır:

Konstitusiyanın 98-1-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin”.

Qərar layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.

Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi və orada qondarma rejimin nümayəndələri ilə görüşlər keçirməsini şərh edib.

XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildiirb ki, Ermənistan baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək burada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi, torpaqlarımızın hərbi işğalına məhz Ermənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti dəfə bariz göstəricisidir:

“Bir müddət öncə Ermənistanın guya ki, Dağlıq Qarabağ yerinə qərar qəbul edə bilməyəcəyini iddia edən baş nazir Paşinyan, atdığı bu addımları ilə münaqişənin həlli üzrə aparılan danışıqların birbaşa iştirakçısının elə Ermənistan olduğunu təsdiq etmiş oldu. Demək ki, oğlu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən, işğal olunmuş ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinə baş çəkib mövcud vəziyyətlə tanış olan, qondarma rejimin nümayəndələri ilə görüşlər keçirib planlar quran N.Paşinyan bəhanələri bir kənara qoyaraq, danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak etməlidir”.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir”.

“Azeri Today” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər. Bundan sonra da həm ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibində, həm də istər Azərbaycan, istərsə də Ermənistanla yaxın münasibətlərimizi nəzərə alaraq milli keyfiyyətdə həll yoluna töhfəmizi verməyə davam edəcəyik”, – açıqlamada deyilib.

Xəbərlər