USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bu gün saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

“Azeri Today” “Report”-a istinadən xəbər verir ki, sərhəd buraxılış məntəqəsinin nə vaxt açılacağı məlum deyil.

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

İranda Qum şəhərində bu gün daha iki nəfər koronavirusdan ölüb, 13 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin məsulu Kiyanuş Cihanpur bəyan edib.

Onun sözlərinə görə, bundan başqa biri həkim olmaqla, üç nəfərdə yoluxma qeydə alınıb.

İraq bu səbəbdən İran vətəndaşları üçün sərhəd qapılarını üç günlük bağlayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

“Azeri Today” xəbər verir ki, bu barədə MSK üzvü İlham Məmmədov deyib.

İclasda 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb.

“Azeri Today” xəbər verir ki, açıqlamada deyilir:

Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılmışdır.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunmuşdur.

Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülmüşdür.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaq araşdırmaları ilə həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilmişdir.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılmışlar.

Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün növbəti addım atıb.

“Azeri Toady” “Report”-a istiandən xəbər verir ki, iki ölkə arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.

Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb.

“Bu gün həm təkbətək görüş zamanı, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir daha əmin oldum ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir”.

“Azeri Today” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də geniş tərkibdə görüşdən sonra İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Sizin Azərbaycana rəsmi səfərinizi məmnuniyyətlə xatırlayıram. Həmin səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan vermişdir və səfər zamanı əldə edilmiş bütün razılaşmalar bu gün həyatda öz əksini tapır. Bu gün çoxsaylı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Onların hər biri çox önəmlidir, bir çox sahələri əhatə edir. Ancaq mən xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir. İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, – dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycandır: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq. O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Azeri Today”-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Fevralın 20-də Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin, dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. Bu barədə DGK-dən bildirilib.

Ümumilikdə 263029 ədəd fişəng və prirotexniki vasitə, 47322 ədəd müxtəlif adda dərman preparatı, 59 ədəd yarasız müxtəlif markalı telefon və aksesuarları, 5077 litr alkoqollu və kustar üsulla 4742 ədəd sərinləşdirici içki, 5255 kq ərzaq və qeyri-ərzaq məhsulları, 3070 kiloqram yuyucu vasitə, 2167 kq müxtəlif növ məişət malları məhv edilib.

Qeyd edək ki, məhv edilən mallar fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir.

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan 324 ədəd suvenir, 40 qutu siqaret və 18 litr müxtəlif növ spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Xəbərlər