USD: GBP:
EUR: RUB:

booked.net

/ /

1:25

xəbərlər

“Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar”.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə ədalətli mövqe tutub: “Məhkəmə bununla bağlı 2015-ci ildə qərar da qəbul edib. Düşünürəm ki, bu prosesi davam etdirmək olar. Amma bundan qabaq beynəlxaq qurumlar Dağlıq Qarbağ məsələsi ilə bağlı ədalətli mövqedən çıxış etməlidir. O cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər işğala son qoyulması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb etməlidir. Ondan sonra biz digər məsələlərlə bağlı müzakrələr apara bilərik”.

Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Azeri Today” xəbər verir ki, açıqlamada deyilir:

“Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğala əsaslanan mövcud status-quo vəziyyətinin möhkəmlənməsinə yönəlik addımları, o cümlədən bu ölkə rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlmiş olsalar belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi. Onlar, beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı.

Azərbaycan Hökuməti Ermənistan rəhbərliyinin məsuliyyətsiz ritorikasını münaqişənin həlli üzrə danışıqlar prosesini pozmaq cəhdi kimi dəyərləndirərək, bununla bağlı vaxtında qəti etirazını bildirdi və məsələ beynəlxalq təsisatların diqqətinə çatdırıldı. Azərbaycan Xarici İşlər naziri tərəfindən BMT və ATƏT-in Baş katiblərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, eləcə də Minsk qrupu üzv ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış məktublarda Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdə tarixən yaşayan azərbaycanlıların qanlı etnik təmizlənməsi ilə nəticələnən Ermənistanın dövlət səviyyəsində işğalçılıq siyasətinin bu ölkə rəhbərliyinin son bəyanatlarında açıq şəkildə etiraf edildiyi vurğulandı və hərbi işğalın doğurduğu beynəlxalq hüquqi məsuliyyət məsələlərinə diqqət yönəldilərək, beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edildi. Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlandı.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü öz şərhlərində mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, verilən bəyanatların münaqişənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstinə uyğun gəlməli və həssas danışıqlar prosesində tarazlığın pozulmasına gətirməməli olduğunu bəyan etdi. ABŞ-ın Azərbaycandakı səfiri Ermənistan Baş nazirinin bəyanatına münasibət bildirərək, şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə uzun illərdir ki, aparılan danışıqların mahiyyətini münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatların qərar və qətnamələri, ilk növbədə isə BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin təmin edilməsi təşkil edir. Bu isə həmsədr ölkələrin bəyanatlarında, o cümlədən 9 mart 2019-cu il tarixli, dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və bu torpaqlardan didərgin salınmış insanların öz evlərinə təhlükəsiz və ləyaqətlə geri dönüşünün təmin edilməsini nəzərdə tutur.

Azərbaycanın ərazilərini hərbi işğal edərək bu ərazilərdəki yerli azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan Ermənistanın, beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmə prinsipinin xeyirxah məqsədlərindən öz işğalçı siyasətini gizlətmək üçün sui istifadə etməsi yolverilməzdir. Azərbaycan tərəfi hər zaman israrla bəyan edir ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin statusu yalnız bu ərazilərdən didərgin salınmış azərbaycanlı icmanın Dağlıq Qarabağdakı doğma evlərinə təhlükəsiz və ləyaqətli geri dönüşü təmin olunduqdan sonra hər iki icmanın iştirakı ilə birgə baxıla bilər.

Məlumdur ki, Ermənistan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr, eləcə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə yaxından tanışdır. Həmsədrlərin bəyanatlarında qeyd olunduğu kimi münaqişənin sülh yolu ilə həlli BMT Nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır.

Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi, sözdə hər zaman səsləndirdikləri münaqişənin sülh yolu ilə həllinə nəinki xidmət etmir, əksinə münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir.

N.Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır. Buna görə də onun ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur. Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və dönməz şəkildə nə qədər sürətlə irəliləməyə başlasa, o qədər də tez erməni xalqı qonşuları ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcəkdir.

Bununla belə, növbəti dəfə Ermənistan tərəfinə xatırladırıq ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməlidirlər. Bu müddəaya Ermənistan tərəfindən əməl edilməyəcəyi təqdirdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin”.

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

“Azeri Today” xəbər verir ki, o, sentyabrın 13-də keçirdiyi mətbuat konfransında AKP-dən çıxmaqla bağlı qərarını açıqlayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dən 20-dək Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

“Azeri Today” “APA”-ya istinadən xəbər verir ki, təlimin mövzusunda dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldiləcək.

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçiriləcək.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.

“Azeri Today” Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və türk xalqının öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayıb.

Ölkələrimizin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini vacib sayan Müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu qeyd edib. O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib. Sonra təlimlərin yekununa dair yüksək səviyyəli qonaqlara brifinq təqdim olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin konsert proqramından sonra təlim iştirakçılarına hədiyyələr təqdim edilib. Sonra qonaqlar və təlim iştirakçıları üçün birgə nahar təşkil edilib.

Qeyd edək ki, Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildirib.

“Azeri Today”-ın məlumatına görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycan həmin “seçkiləri” tanımır.

“Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır”, – XİN rəsmisi əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olundu.

Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyinin qeyd olunduğu və bu çərçivədə keçirilən tədbirlərin önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edildi, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunuldu.

Görüşdə Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər müzakirə edildi.

Söhbət zamanı Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.

Türkiyə və Azərbaycan olaraq mədəniyyətimizlə, tariximizlə bir millət, iki dövlətik.

“Azeri Today” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duymalıyıq, bu prosesi davam etdirməkdə israrlıyıq.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ probleminin tez bir zamanda həllini vacib sayır: “Biz bu məsələdə dünyada eyni çevrələrlə üz-üzə gəlməkdəyik. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırım törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediası üzərinə düşən ən böyük vəzifələrdən biridir”.

Lənkəran rayonunda zəlzələ olub.

“Azeri Today” “Trend”-ə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 16:56:49-da Lənkəran stansiyasından 4 km cənubda Lənkəran ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə və ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 20 kilometr olub.

Bu ilin avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 42 min nəfər və yaxud 13,2% çoxdur.

Bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, xarici turistlərin 111 min nəfərini Rusiyadan gələnlər təşkil edib. Bu, illik müqayisədə 9,3% çoxdur.

Son 1 ildə İrandan Azərbaycana səfər edənlərin sayı isə 82,2% artaraq 37 min nəfər çatıb.

Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 min nəfər olub ki, bu da 20% artım deməkdir.

Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% və 11.2% artaraq 27 min, 14 min və 11 minə çatıb.

Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18,3% artaraq 23 minə çatıb.

2019-cü ilin yanvar-avqust aylarında isə Azərbaycana səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 8,3% artaraq 2,1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min nəfər) və Gürcüstan (472 min nəfər) vətəndaşlarının payına düşür.

Xüsusilə Gürcüstandan gələnlərin sayında 22,8% və yaxud 87 min artım müşahidə edilib.

Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40,4% və 38,1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb.

Xəbərlər